Prof. Dr. Roida Rzayeva

Prof. Dr. Roida Rzayeva

Filosof, Şərqşünas

Roida Rzayeva

Azərbaycanlı filosof, şərqşünas, fəlsəfə elmləri doktoru, professordur.

Həyatı

Rzayeva Roida Oqtay qızı 1979-cu il fevralın 3-də Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 251 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsinin Türk bölməsinə daxil olaraq, 2000-ci ildə həmin bölmənin bakalavriat, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.

2001-2010-cu illərdə dövlət səviyyəsində beynəlxalq tədbirlərdə sinxron tərcüməçi olaraq fəaliyyət göstərmişdir.

2004-cü ildə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində təcrübə dövrü keçmişdir.

2026-cı ildə Roida Rzayeva Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi iki hissədən (“İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” (2025-ci ildə tamamlayıb) və “Ritorika: inandırıcı yazı və ictimai natiqlik sənəti”) ibarət “Liderlik və kommunikasiya” adlı xüsusi proqramı müvəffəqiyyətlə tamamlayaraq Harvard Universitetinin sertifikatını almışdır.

Elmi və pedaqoji fəaliyyəti

2002-2010-cu illərdə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışmışdır.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Müasir Türkiyədə modernləşmənin sosial-mədəni təhlili» mövsuzunda namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2003-2004 və 2007-2008 tədris illərində Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsində dərs demişdir. 2002-2005-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən Türkiyə Təhsil nazirliyi nəzdində FONO Açıq Öyrətim mərkəzində şöbə müdiri olaraq çalışmışdır.

2010-cu ildə Türkiyə Respublikasının Egey Universiteti tərəfindən həmin universitetdə məruzə oxumaq üçün rəsmi dəvət olunmuşdur.

2013-cü ildə dosent elmi adını almışdır.

Elmi fəaliyyətlə yanaşı ictimai fəaliyyət ilə məşğul olmuş, dövlət əhəmiyyətli tədbirlərə cəlb olunmuşdur.

2005-2010-сu illərdə Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının sədri, eyni zamanda AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi Humanitar və İctimai elmlər bölməsinin rəhbəri və mərkəzin büro üzvü olmuşdur. 2008-2010-cu illərdə Azərbaycan MEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşəbbüsü ilə nəşr olunan “Gənc alimlərin əsərləri” elmi jurnalının redaksiya heyətinin üzvü olub.

R.Rzayeva 2011-2017-ci illərdə AMEA Fəlsəfə İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.

2012-2017-ci illərdə Azərbaycan MEA Fəlsəfə İnstitutunda nəşr olunan “Elmi əsərlər” jurnalının baş redaktor müavini olmuşdur. 2013-cü ildə Azərbaycan MEA Fəlsəfə və Hüquq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, 2014-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü seçilmişdir.

O, həm ölkə daxilində, həm də xaricdə keçirilən çoxsaylı beynəlxalq konfrans və konqreslərin elmi və təşkilati komitələrinin üzvü və sədri, eləcə də bir sıra beynəlxalq təşkilat və beynəlxalq jurnalların redaksiya heyətlərinin üzvü seçilib.

2014-cü ildə 6-8 fevral tarixlərində İtaliyanın Roma şəhərində Sapienza Universitetində, 2016-cı ildə 3-6 fevral Fransanın Paris şəhərində və 19-22 may tarixlərində Bosniya və Herseqovinada Sarayevo Beynəlmiləl Universitetində, 2017-ci ildə 19-22 may Bolqarıstanda Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində və 23-26 avqust tarixlərində Ukraynada İ.İ.Meçnikov adına Odessa Milli Universitetində, 2018-ci ildə 1-3 fevral Türkiyədə Adnan Menderes Universitetində, 10-12 may Kosovanın Prizren Universitetində, 5-7 sentyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində Siyasi elmlər və Dövlət İdarəçilik Milli Universitetində və 2019-cı ildə 30-31 yanvar tarixlərində İtaliyanın Roma şəhərində Sapienza Universitetində keçirilən Sosial və Əxlaq Elmləri üzrə III, IX, X, XIII, XIV, XV, XVI, XVIII və XIX Avropa Konfranslarının elmi komitələrinin, 2019-cı ildə 16-17 may tarixlərində Fransanın Paris şəhərində keçirilən Humanitar və İctimai Elmlər üzrə Dünya Konqresinin (WCHSS) təşkilat komitəsinin üzvü, 2020-ci ildə 28-30 sentyabr tarixlərində Türkiyənin Mardin şəhərində keçirilən 4. Uluslararası Bilimsel Çalışmalar Kongresinin (UBCAK) sosial elmlər üzrə təşkilat komitəsinin sədri, 2022-ci il 08-09 dekabr tarixlərində Türkiyənin Konya şəhərində keçirilən 2. Uluslararası Mevlâna Düşüncesinde Beşeri Münasebetler Sempozyumunun elmi komitəsinin üzvü seçilmişdir.

2016-cı ildə «Postmodern və Türkiyə ictimai şüurunun inkişaf konseptlərinin təhlili» mövsuzunda doktorluq dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.

2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Şərqşünaslıq elminin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri vəzifəsində işləyir.

2023-cü ildə professor elmi adını almışdır.

Nəşrləri və Elmi Tədqiqatları

Fəlsəfə, siyasətin fəlsəfəsi, mədəniyyətin fəlsəfəsi, fəlsəfi antropologiya, şərqşünaslıq, türkologiya, dinşünaslıq sahələrində elmi fəaliyyəti olan alimdir.

R. Rzayeva “Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” (azərbaycan dilində, Bakı, 2025), “The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism” (ingilis dilində, Springer, 2016), “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (rus dilində, Bakı, 2015), “Незападная современность в дискурсе постмодерна и культурной полифонии” (rus dilində, Bakı, 2015), “Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi” (türk dilində, Ankara, Türkiyə, 2012), “Пути развития турецкой литературы” (rus dilində, R. Əhmədov ilə həmmüəllifliklə, Bakı, 2001) adlı 6 kitabın, «Complex Migration of Global Citizens» (Oxford, 2014) kitabında “Multiculturalism as Plural Modernities” və «Interdisciplinary Perspectives on Social Sciences» (Cambridge Scholars Publishing, 2014) kitabında «“Alternative” Modernisms in the Discourse on Postmodern» adlı fəsillərin, postmodernizm, multikulturalizm, dialoq fəlsəfəsi, “Şərq-Qərb” paradigması, qeyri-Qərb müasirliyi, modernizm, modernləşmə, postmodernləşmə, qlokallaşma, ictimai şüurun inkişafı, alternativ modernliklər, postmodern siyasət, beynəlxalq münasibətlər və beynəlxalq hüquq kontekstində postmodern, ictimai-mədəni transformasiyalar, ideologiya, media siyasəti, media mədəniyyəti və təcrübələri, siyasətin medialaşması, dövrümüzün yeni çağırışları, siyasi dünyamın postklassik mənzərəsi, sosio-kommunikativ texnologiyalar (memlər), sosiallığın mifologiyası, rəqəmsal diplomatiya, informasiya müharibələri, şəbəkə sosiallığı, rəqəmsallaşma, kibertəhlükəsizlik, feyklər (post-həqiqət, post-məxfilik), yeni epistemoloji paradiqma kimi böyük verilənlər, dövlət idarəçiliyində yeni tendensiyalar, müasir siyasi idarəetmədə internet texnologiyaları, potensial risklərin idarə edilməsi, siyasi şüur, sosial media, simvolik siyasət, məna istehsalı, ideologemlər, yumşaq güc, mentalitet, habitus, elitalar və s. mövzularda 180-dən çox elmi əsərin müəllifidir və s.

R.Rzayevanın «Challenges of contemporaneity: postmodernity and multiculturalism» (Müasirliyin Çağırışları: Postmodernlik və Multikulturalizm) monografiyası 2021-ci ildə ən nüfuzlu beynəlxalq akademik nəşriyyatlardan biri olan Springer tərəfindən rəqəmsal kitab toplusu “SpringerLink Religion and Philosophy”-yə daxil edilib.

Həm ölkə daxilində, həm də xaricdə (İngiltərə, Avstriya, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya, Yunanıstan, Türkiyə, Rusiya, Litva, Kipr, Belarus, Qazaxıstan, Gürcüstan və s.) yüzdən çox konfransda məruzələrlə çıxış edib. R.Rzayeva 90 sertifikat sahibidir.

Təltifləri və mükafatları

2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Şərqşünaslıq bölməsi üzrə ən yaxşı məruzəyə görə diplomla təltif edilib.

2007-ci ildə Azərbaycan MEA Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən Fəxri Fərman (Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqləndiyinə, gənc alimlərin mənafelərini müdafiə edən məsələlərdə fəal mövqe tutduğuna görə və 2007 – «Gənclər İli» münasibətilə) ilə təltif edilib.

2008-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildə elm sahəsində nailiyyətlərə görə ilin gənc alimi kimi diplom və mükafatla təltif edilib.

2010-cu ildə MDB üzv ölkələrinin gənc alimləri arasında keçirilən “Debütlar birliyi” («Содружество дебютов») Beynəlxalq mükafat uğrunda müsabiqədə “Humanitar və ictimai elmlər” nominasiyası üzrə laureat adına layiq görülüb, diplom və mükafatla təltif edilib.

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə uzunmüddətli məhsuldar elmi fəaliyyəti nəzərə alınaraq AMEA İctimai Elmlər Bölməsi tərəfindən Fəxri Fərmanla təltif edilib.

2024-cü ildə Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən sahəsindəki elmi fəaliyyəti ilə “Türk elm dünyasına” verdiyi töhfələrə görə “Ziya Göyalp cəmiyyət mükafatı” ilə təltif olunub.

Təşkilati, pedaqoji və elmi-tədqiqat fəaliyyətinə görə
R.Rzayevaya Türkiyə Respublikasının Təhsil Nazirliyi (2003-2008), Türkiyənin Egey Universiteti (2010), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2011), Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyi (2013), Türkiyə Elmlər Akademiyası (2014) tərəfindən təşəkkürnamələr verilmişdir.