Roida Rzayeva – Azərbaycanlı filosof, şərqşünas, fəlsəfə elmləri doktoru, professordur. Elmi fəaliyyətinin əsas istiqamətlərini fəlsəfə, siyasət fəlsəfəsi (siyasi fəlsəfə), mədəniyyət fəlsəfəsi, fəlsəfi antropologiya, şərqşünaslıq, türkologiya və dinşünaslıq təşkil edir. R. Rzayeva 180-dən çox elmi əsərin, o cümlədən 6 kitabın (Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya (Bakı, 2025), The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism (Springer, 2016) və s.) və beynəlxalq nəşrlərdə dərc olunmuş fəsillərin müəllifidir. Elmi tədqiqatları postmodernizm, multikulturalizm, dialoq fəlsəfəsi, modernləşmə, ictimai şüur, ictimai-mədəni transformasiyalar, siyasət, ideologiya, media, sosial-kommunikativ texnologiyalar (memlər), rəqəmsal diplomatiya, informasiya müharibələri, rəqəmsallaşma, kibertəhlükəsizlik, dövlət idarəçiliyində yeni tendensiyalar, potensial risklərin idarə edilməsi, siyasi şüur, sosial media, məna istehsalı, ideologemlər, yumşaq güc və elitalar kimi geniş spektrli mövzuları əhatə edir.
Alim müxtəlif illərdə İngiltərə, Avstriya, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya, Yunanıstan, Türkiyə, Kipr və digər ölkələrdə keçirilmiş elmi və dövlət tədbirlərində, həmçinin dünyanın nüfuzlu universitet (Oksford, Kembric və s.) və aparıcı elmi-tədqiqat mərkəzlərində Azərbaycan elmini təmsil etmişdir. Elmi və təşkilati fəaliyyətinə görə bir sıra diplom və mükafatlarla təltif olunan R. Rzayeva humanitar və ictimai elmlər üzrə beynəlxalq mükafat laureatı olmaqla yanaşı, 90-dan artıq sertifikata layiq görülmüşdür.